“Bakı Telefon Rabitəsi” MMC-də şəhidlərin xatirəsi anılıb
27 sentyabr – Anım Günü münasibətilə “Bakı Telefon Rabitəsi” MMC-nin kollektivinin iştirakı ilə dəyirmi masa keçirilib. Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki şəxslərin, bütövlükdə xalqımızın əzm və iradəsindən, birlik və həmrəylik nümayiş etdirməsindən söz açılıb, ölkə başçısının yürütdüyü siyasətin nəticəsində tarixi ədalətin bərpa edildiyi vurğulanıb.
Daha sonra tədbir iştirakçıları Vətən müharibəsində həlak olmuş rabitəçilərin ömür yolundan söz açıb, iş həyatında onlarla bağlı xatirələrini bölüşüblər.
Dəyirmi masanın ardından "Bakı Telefon Rabitəsi" MMC-nin əməkdaşı, 44 günlük müharibənin qəhrəmanlarından olan şəhid Nurəhməd Hacıbəy oğlu Ulubəyovun inzibati binada quraşdırılmış xatirə lövhəsinin qarşısına gül dəstələri qoyulub. Sonra doğmaları, çalışdığı kollektivin üzvləri, o cümlədən ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanda onun məzarını ziyarət edib, əklil qoyublar.
“Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşı Kamil Kazımlının övladı şəhid Mürsəl Kazımlının da məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.
Daha sonra İkinci Vətən müharibəsində həlak olmuş “Bakı Telefon Rabitəsi” MMC-nin 2 saylı Rabitə Xidmətləri Mərkəzinin əməkdaşı Şəhriyar Vəzir oğlu Qasımovun inzibati binada quraşdırılmış xatirə lövhəsinin qarşısına gül dəstələri qoyulub.
Kollektivimiz adından müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiram hissi ilə anır, yaxınlarına səbir diləyirik. Şəhidlərin xatirəsi hər birimiz üçün əzizdir.