“Baktelecom” Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşuldu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına qoşulub.
“Baktelecom”un əməkdaşları bu aksiyaya qoşulmaqla Covid-19 pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.
Mərkəzi Qan Bankının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini qiymətləndirdikdən və anemiya testi etdikdən sonra tibbi tələblərə cavab verən könüllülərin aksiyada iştirakına icazə veriblər.
Toplanan qan nümunələri yoxlandıqdan sonra hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
“Baktelecom”un inzibati binasında keçirilmiş qanvermə aksiyası zamanı donorların və tibb işçilərinin koronavirus infeksiyasına qarşı təhlükəsizliyi təmin edilib.